Azərbaycan IRENA-nın 16-cı Assambleyasında və Qlobal Geotermal Alyansın illik iclasında təmsil olunub
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 16-cı Assambleyası çərçivəsində Qlobal Geotermal Alyansın illik iclasında çıxış edib.
Bu barədə BOEMDA məlumat yayıb.
Çıxış zamanı Rəna Hümbətova “Azərbaycan Respublikasının 2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası”nın icrası çərçivəsində ölkədə bərpa olunan enerji mənbələrinin, o cümlədən geotermal enerjinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Həmçinin 2025-ci ildə Dünya Bankının ESMAP proqramı çərçivəsində hazırlanmış “Azərbaycanda geotermal resursların birbaşa istifadə potensialının qiymətləndirilməsi” adlı yol xəritəsi və aparılmış qiymətləndirmənin əsas nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, Azərbaycanın ilkin geotermal istilik potensialı 571,2 MVt, geotermal elektrik enerjisi istehsalı potensialı isə 57,1 MVt səviyyəsində qiymətləndirilir. Tədqiqat çərçivəsində mövcud qanunvericilik bazası təhlil olunub, geotermal enerjinin tətbiqinin sürətləndirilməsi üçün tələb olunan stimullaşdırıcı mexanizmlər və icazəvermə prosesinin sadələşdirilməsi məqsədilə beynəlxalq təcrübə nəzərdən keçirilib.
Milli geotermal yol xəritəsinin tərkib hissəsi kimi Azərbaycan geotermal enerjinin texniki və iqtisadi səmərəliliyini nümayiş etdirmək məqsədilə pilot layihələrin icrasını planlaşdırır. Bu layihələr mərkəzləşdirilmiş istilik təchizatı sistemləri, mövcud neft və qaz quyularının istilik və məhdud həcmdə elektrik enerjisi istehsalı üçün yenidən istifadəsi, eləcə də kənd təsərrüfatında, xüsusilə istixanaların qızdırılmasında birbaşa tətbiqləri əhatə edəcək.
Bundan əlavə, 2027–2030-cu illəri əhatə edəcək növbəti strateji sənəd layihəsində kəşfiyyat quyularının qazılması əsasında hazırlanacaq ətraflı texniki-iqtisadi əsaslandırmanın nəzərdə tutulduğu vurğulanıb. Bu əsaslandırma geotermal mayelərin tərkibinin təhlili yolu ilə kritik mineralların hasilatı potensialının qiymətləndirilməsini də əhatə edəcək.
Geotermal enerjinin inkişafının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, eləcə də Naxçıvan bölgəsində yaradılan “yaşıl enerji zonaları” təşəbbüsləri ilə uyğunluq təşkil etdiyi diqqətə çatdırılıb. Bu yanaşma sənayenin dekarbonizasiyasına töhfə verməklə yanaşı, dəyişkən bərpa olunan enerji mənbələrinin balanslaşdırılması və istilik təchizatında təbii qaz istehlakının azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bildirilib ki, beynəlxalq əməkdaşlıq Azərbaycanın enerji siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan Qlobal Geotermal Alyansda fəal üzvlüyə xüsusi önəm verir və Alyansı bilik mübadiləsi və qabaqcıl təcrübələrin paylaşılması üçün mühüm platforma kimi dəyərləndirir.
Qeyd edək ki, Azərbaycan 2023-cü ildən etibarən Qlobal Geotermal Alyansın üzvüdür.
📰 Article Source & Attribution
This article was originally published on renewables.az
Plugin.az curates and aggregates renewable energy news from trusted sources to provide comprehensive coverage of Azerbaijan's clean energy sector. All credit goes to the original authors and publishers.
Read the original article: https://renewables.az/az/news/az-rbaycan-irena-n-n-16-c-assambleyas-nda-v-qlobal-geotermal-alyans-n-illik-iclas-nda-t-msil-olunub